Azərbaycan 190 ölkə arasında birinci yerdədir
Dünya Bankı tərəfindən ölkələrin iqtisadiyyat, biznes və investisiya mühitlərinin müfəssəl təhlili nəticəsində hər il dərc olunan “Doing Business” hesabatının 2020-ci il buraxılışında respublikamızın yüksək pillələrdə yer alması, xüsusilə də kredit əlçatanlığı (getting credit) üzrə 190 ölkə arasında bütün ölkələri geridə qoyaraq ilk yerdə qərarlaşması sevindirici amildir. Təbii ki, bu yüksək nəticənin əldə olunmasında ölkə rəhbərliyinin başçılığı ilə aparılan kompleks islahatlar, investisiyayönümlü biznes mühitinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər mühüm rol oynayıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, qeyd olunan islahatlardan biri Azərbaycanda kreditlərin əldə olunması prosesinin təkmilləşdirilməsi məqsədilə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və Mülki Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsidir. Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin (DƏYDR) yaradılması və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi Dünya Bankının “Doing Business” hesabatının hazırlanması zamanı aparılan araşdırmalarda əsas götürdüyü amillərdən biri olub.
Qeyd edək ki, DƏYDR-dən əvvəl Azərbaycanda daşınar əmlakın qeydiyyata alındığı vahid bir sistemin olmaması kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını məhdudlaşdırırdı. Dünya Bankının məlumatlarına əsaslansaq görərik ki, DƏYDR-dən öncə Azərbaycanda KOS subyektlərinin aktivlərinin cəmi 22 faizini torpaq və daşınmaz əmlak, 34 faizini debitor borclar, 44 faizini isə maşın və avadanlıqlar, kreditorların qəbul etdiyi girovların isə 73 faizini torpaq və daşınmaz əmlak, cəmi 27 faizini daşınar əmlak təşkil edirdi. Başqa sözlə desək, Azərbaycan bankları kreditlərin əldə olunması zamanı girov kimi daşınmaz əmlaka üstünlük verirdilər ki, bu da sahibkarlar üçün ciddi məhdudiyyət yaradırdı və onların əksəriyyəti bankların maliyyələşmə tələblərinə cavab verə bilmirdilər.
Bu baxımdan, Azərbaycanda sahibkarlıq və biznes şəraitinin stimullaşdırılması çərçivəsində KOS subyektləri arasında aparılmış sorğunun nəticələri isə həmin qurumların daha aşağı yüklülük tələbi olan və daha asan müraciət prosedurları tələb edən kreditlərə maraqlı olduğunu aşkara çıxardı. Bütün bu məsələlərin kompleks həlli kimi ölkə rəhbərliyi tərəfindən özəl sektorun kredit resurslarına çıxış imkanlarını əhəmiyyətli dərəcədə artıracaq olan subyektin – Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin yaradılması tapşırığı verildi. Bundan başqa, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli qanunu qəbul olundu və öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı daşınar əmlakın yüklülüyünün hüquqi rejimi, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydaları, daşınar əmlaka tutulmanın yönəldilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələlər vahid qanunda öz əksini tapdı.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanına əsasən KOS subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədi ilə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edildi.
Xatırladaq ki, reyestrə əsasən, yüklülük verənlər və yüklülük sahibləri bir sıra üstünlüklərə malikdir. Belə ki, adətən, girov saxlayan maliyyə qurumları olan yüklülük sahibləri borcluların daşınar əmlaklarının yüklülüyü barədə vahid və ümumiləşdirilmiş məlumatların istənilən zaman onlayn qaydada, operativ şəkildə əldə edilməsi, müştəri biznesinin daha təfərrüatlı nəzarətdə saxlanılması və müştəri dairəsinin genişlənməsi, həmçinin reyestrə daxil edilən daşınar əmlaklara tələb hüquqlarında üstünlük imkanlarına sahib olur. Digər tərəfdən, yüklülük verənlər üçün maliyyə resurslarına çıxış imkanları artır, maliyyə resurslarının daha ucuz və uzun müddətə cəlb edilməsində rəqabət canlanır, maliyyə paradoksu aradan qaldırılır və kredit təşkilatları daha əlçatan olur.
Ümumilikdə isə reyestr maliyyə qurumlarına KOS subyektlərinin daşınar aktivləri barədə mərkəzləşdirilən şəffaf məlumatlar ötürür və bununla da banklar təminat predmeti kimi təqdim edilən əmlakın başqa bir yerdə yüklü olub-olmadığı haqda məlumat alır. Bundan savayı, reyestr banklara təkrar satış bazarı olan daha yaxşı təminat predmetlərini seçmək imkanı verir, iflas vəziyyətində olan sahibkarlıq subyektinin qoyduğu təminat predmetini daha asanlıqla satmaq imkanı yaradır.
DƏYDR 2018-ci il martın 15-dən fəaliyyət göstərir, bank və bank olmayan kredit təşkilatları ilə yanaşı, kredit ittifaqları və lizinq təşkilatlarının, o cümlədən yerli və xarici hüquqi şəxslərin reyestrə qoşulması təmin edilib, müxtəlif informasiya sistemləri (IAMAS, AVIS, Azərikard, HÖP, Asan ödəniş və s.) ilə interfeyslər qurulub, sistemin 24/7 prinsipli fəaliyyət rejimi tətbiq olunub. Cari dövrdə 664 qeydiyyatdan keçmiş istifadəçisi olan reyestrə öhdəliyin ümumi həcmi 6 milyard manat məbləğindən çox 40 mindən çox bildiriş daxil edilib, eyni zamanda, istifadəçilər tərəfindən 60 mindən artıq axtarış olunub.
Bildirişlər üzrə ən çox istifadə edilən kateqoriyalar istehlak malları, zinət əşyaları, mebel, heyvanlar və dövriyyədə olan mallardır. Reyestrdə axtarışların edilməsi üçün qeydiyyat və ya hər hansı ödəniş tələb olunmur.
Məlumatlara çıxış imkanlarının asanlaşdırılması məqsədilə 1 saylı Bakı “ASAN kommunal” mərkəzində DƏYDR-in xidmət ofisi fəaliyyət göstərir. DƏYDR-dən istifadə və reyestrin məqsədi, iş prinsipi və üstünlükləri barədə mütəmadi olaraq maarifləndirmə işləri aparılır, paytaxtda və regionlarda bu istiqamətdə sahibkarlar üçün silsilə tədbirlər keçirilir. Bu günə qədər Bakı şəhərində və 15-dən çox regionda belə tədbirlər keçirilib və proses davam etdirilməkdədir.