AZ | EN | RU

Azərbaycanın İT şirkəti Dünya Bankının Qazaxıstanda elan etdiyi tenderin qalibi oldu

Azərbaycanın aparıcı İT şirkəti “Cybernet” Dünya bankının dəstəyi ilə Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin elan etdiyi “Qazaxıstanın səhiyyə sahəsində texnologiyaların transferi və institusional islahat” layihəsi çərçivəsində tenderinin qalibi olub.

Bununla bağlı dekabrın 6-sında, Qazaxıstanın Astana şəhərində müqavilə imzalanıb. Tenderdə Rusiyanın “BARS Group” şirkətinin də iştirak etdiyi konsorsiumun rəhbəri “Cybernet” şirkəti ilə yanaşı Portuqaliya, Slovakiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən 10 şirkət iştirak edib.

Sistem tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanacaq və bir Azərbaycan məhsulu olacaq.

“Cybernet” şirkətinin rəhbəri İlham Namazov tenderin qazanılmasını həm şirkət, həm də Azərbaycan İT sektoru üçün önəmli addım hesab edir:

“Cybernet şirkəti bu günə kimi başqa xarici ölkələr üçün məhsullar hazırlayıb, amma bu məqamda şirkətimizin beynəlxalq tenderi udması əhəmiyyətli hadisədir. Neft qiymətlərinin düşməsi, dünya iqtisadiyyatı ilə yanaşı ölkəmizdə də iqtisadi çətinliklərin olması fonunda bu uğur xüsusi məna daşıyır. Nailiyyətimiz Azərbaycanın beynəlxalq aləmdə intelektual məhsullar istehsalçısı kimi tanınmasında önəmli rol oynayacaq.”

Layihə çərçivəsində hazırlanacaq vahid avtomatlaşdırılmış sistem Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin işinin səmərəliliyinin artırılmasına, beynəlxalq tələblərə və standartlara uyğun mütəxəssislərin yetişdirilməsinə imkan verəcək.

Qeyd edək  ki, 2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən “Synergy Group”un İT sektoruna daxil olan “Cybernet” şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri təklif etməkdədir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlnamasında, o cümlədən Azərbaycanda Elektron hökumətin qurulmasında böyük təcrübəyə malikdir.